Infoteka.az
Texnologiya

Elon Musk sonunda "Twitter"-i 44 milyard dollara aldı

Yarım il ərzində çəkmiş çətin və qalmaqallı danışıqlardan sonra Elon Musk sonunda "Twitter"-i aldı. Məlumatda qeyd edilib ki, dünyanın ən məşhur sosial şəbəkələrindən birinin əldə edilməsi Musk-a 44 milyard dollara başa gəlib. Bu qiymət tərəflər arasındakı ilkin razılaşmada əks olunmuş qiymətdir. Musk Twitter-in sahibi kimi artıq ilk addımlarını da atıb. Belə ki, şirkətin artıq keçmiş CEO-su Parag Agrawall və maliyyə direktoru Ned Segal şirkətdən azad ediliblər. Onlar Twitter-in San Fransiskodakı baş ofisindən ayrılıblar.

    Bununla yanaşı Twitter-in hüquqi siyasət və təhlükəsizlik şöbəsinin rəhbəri Vijaya Gadde də öz işindən azad edilib. Musk-ın sözlərinə əsasən o, Twitter-i insanların qanunları pozmadıqları halda istədikləri mövzu ətrafında danışmaq üçün nəzərdə tutulmuş platformaya çevirmək istəyir. Onun fikrincə Twitter öz azadlığını əks etdirən yerə çevrilməlidir. Məlumatda qeyd edilib ki, o həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın istifadəçi hesabını da bərpa etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, Trampın "Twitter"-dəki hesabı 2021-ci ilin yanvar ayında boklanmışdı.

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Musk-ın "Twitter" ilə bağlı irimiqyaslı planları var. Belə ki, o, "Twitter"-i Çində çox məşhur olan "WeChat" tətbiqinin analoquna çevirmək niyyətindədir. Qeyd etmək lazımdır ki, "WeChat"-da istifadəçilər öz aralarında ünsiyyət qura, xəbərləri oxuya, müxtəlif məhsulları sifariş edə, müxtəlif xidmətlərin ödənişlərini reallaşdıra, kreditlər əldə edə və s. əməliyyatları reallaşdıra bilirlər. Bütün bu ideyaların nə zaman reallaşacağı bilinmir. Musk-ın öz fikrincə o, "Twitter"-i baha qiymətə alıb. Lakin o həmçinin düşünür ki, gələcəkdə bu investisiya öz bəhrəsini verəcək.

Infoteka.az