Infoteka.az
Mədəniyyət

Xalq artisti Qəmər Almaszadənin doğum günüdür

Dünən Azərbaycanın ilk balerinası, milli balet sənətimizin inkişafında, formalaşmasında və istedadlı gənc kadrların yetişməsində misilsiz xidmətləri olan, dünyaşöhrətli görkəmli sənətkar, Xalq artisti Qəmər Almaszadənin doğum günü idi.

Qəmər Almaszadə 10 mart 1915-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı nəzdində fəaliyyət göstərən balet studiyasını bitirib və 1930-cu ildə həmin teatrda işə başlayıb. Səhnəyə ilk dəfə 1931-ci ildə Reynqold Qlierin “Qırmızı lalə” baletindəki Tao Xoa partiyası ilə çıxıb. Sonra Almaszadə Rusiyaya gedərək indiki Sankt-Peterburq xoreoqrafiya məktəbində oxuyub.

Təhsilini tamamlayaraq Bakıya qayıdan balerina ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyib. Balerina 1940-cı ildə bəstəkar Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində ilk peşəkar çıxışını edib, Gülyanaq rolunun ilk ifaçısı olub. “Qız qalası”nın 1959-cu ildə yeni – ikinci quruluşunun baletmeysteri Almaszadə olub.

Mədəniyyət xadimi teatrda fransalı bəstəkar Adolf Adanın “Korsar”, rusiyalı bəstəkarlar Boris Asafyevin “Bağçasaray fəvvarəsi”, Aleksandr Qlazunovun “Raymonda”, Pyotr Çaykovskinin “Şelkunçik” və “Sonalar gölü”, italiyalı bəstəkar Sezar Puninin “Esmeralda” kimi baletlərində əsas partiyaları ifa edib, Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarında rəqqasə qızı oynayıb.

O, 1950-ci ildə səhnə fəaliyyətini başa vurduqdan sonra Opera və Balet teatrında baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləyib.

İlk peşəkar Azərbaycan balerinası olan Qəmər Almaszadə milli balet məktəbinin yaranmasında və inkişafında rol oynayıb. O, Azərbaycan Dövlət Filarmoniyasında rəqs ansamblının təşkilatçısı və bədii rəhbəri olub.

Xalq artisti 7 aprel 2006-cı ildə Bakıda vəfat edib, Birinci Fəxri xiyabanda dəfn olunub.

Infoteka.az